ANS TV-nin məlumatına görə, Şabranın Ağalıq kənd sakini Eyyub İbrahimov rayon sosial müdafiə mərkəzinin rəhbərindən narazıdır. Keçən ilin yay ayında nazir Səlim Müslümovun bölgədə qəbulu ərəfəsində mərkəzin direktoru Orxan Xəlilovun ona qəsdən 5 sutkalıq həbs cəzası verdirdiyini iddia edən Eyyub İbrahimov 2014-cü ildə ünvanlı sosial yardım almasının da bilərəkdən gecikdirildiyini deyir. Şikayətçinin sözlərinə görə, yalnız uzun get-gəldən sonra ünvanlı sosial yardım ala bilib.
"Nazirlikdən əməkdaşlar gəldi, yoxladılar. Gördülər ki, qeyri-qanuni imtinadı. Mənə ünvanlı sosial yardım noyabr ayından təyin olundu” - deyə şikayətçi Eyyub İbrahimov bildirdi.
İndi beş nəfərlik ailə üzvünə görə cəmi 231 manat ünvanlı sosial yardım aldığını deyən Eyyub İbrahimov bu məbləğin düzgün hesabanmadığını, işə nazirlik tərəfindən yenidən baxılmalı olduğunu iddia edir.
“Orxan Xəlilovun işçilərinin heç birinə inanmıram. Daha inamım qalmayıb. Nazirliyin əməkdaşları gəlib yoxlasınlar, mənə nə düşür onu da yazsınlar“ – deyə şikayətçi Eyyub İbrahimov şikayət etdi.
Barəsində nazirliyə qədər əsası olmayan böhtan xarakterli məlumatlara görə, bir neçə dəfə işdən kənarlaşdırıldığını, amma xidməti yoxlamalardan sonra vəzifəsinə bərpa olunduğunu deyən Orxan Xəlilov Ağalıq kənd sakini Eyyub İbrahimovun ona ailəlikcə qərəzli olduğunu bildirdi.
Onun və atasının keçən il iş otağında xuliqanlıq etdiklərinə görə yerli məhkəmənin qərarı ilə cəzalandırıldığından danışan Orxan Xəlilov barəsində səslənən sözləri doğru saymadı.
Eyyub İbrahimovun ailəsinə yardımın hesablanma qaydası barəsində isə Orxan Xəlilov danışmağı baş məsləhətçi Nurlan Əliyevə həvalə elədi.
Baş məsləhətçi Nurlan Əliyevin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq hesablama aparılıb və buna uyğun ünvanlı sosial yardım təyin edilib.
Üç xəstə uşağın aldığı 231 manat sosial yardım hesabına güclə saxladığını, icarə torpağından əldə etdiyi qazanc hesabına dolandığını söyləyən şikayətçi Eyyub İbrahimova unvanlı sosial yardım doğrudanmı düzgün təyin olunub? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələnin yenidən araşdırılması mümkün olsa, narazı ailənin şübhələrinə bəlkə son qoyular.
Mənbə
ANS TV: Aytəkin Alxaslı