Bakı, 23 sentyabr, AZƏRTAC
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bütün ölkə üzrə reydlər keçirir, qanunu pozanlara qarşı tədbirlər görülür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar rayonlarda nəqliyyatın hərəkətinin intensivləşməsi bir sıra müvafiq tədbirlərin görülməsini zəruri edir.
Bu amili nəzərə alaraq, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər həyata keçirib.
Şirvan və Gəncə şəhərlərində, Şamaxı, Lənkəran, Cəlilabad, Göyçay, Beyləqan, Şəki, Quba, Tovuz, Şəmkir rayonlarında baş tutan belə reydlər zamanı qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülər cəzalandırılıb.
Yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək, vergi ödəməkdən yayınan sürücülərə qarşı inzibati qaydada protokol tərtib edilib. Qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb.
Qanunsuz fəaliyyət göstərən sürücülərə qarşı reydlər bundan sonra da müntəzəm davam etdiriləcək.









