Bakı, 23 sentyabr, AZƏRTAC
Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar elan edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu müddəti cari il oktyabrın 1-də başa çatacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət etmiş şəxslərə imtahan və müsahibə zamanı sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısının və digər zəruri məlumatların əks olunduğu “Yaddaş kitabçası” təqdim edilib, müsabiqənin prosedurları barədə müvafiq izahlar verilib.
“Notariat haqqında” Qanuna və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Ədliyyə Nazirliyində araşdırılaraq ixtisas komissiyasına təqdim olunacaq.
Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin ixtisas komissiyası tərəfindən məlumat veriləcək.
Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.