Naxçıvan, 24 sentyabr, Rauf Əliyev, AZƏRTAC
Əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edən müqəddəs Qurban bayramı Naxçıvan Muxtar Respublikasında hər il geniş qeyd olunur, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qurbanlar kəsilərək paylanılır.
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Naxçıvan şəhərindəki Heydər, Cümə, Pirqəmiş, Kazım Qarabəkir Paşa məscidlərində, eləcə də bütün rayonlarda bayram namazı qılınıb, qurban əti paylanılıb, xalqımızın və dövlətimizin əmin-amanlığı, firavanlığı üçün dualar oxunub. Bayram milli mənəvi həmrəyliyin, xeyirxah əməllərin ifadəsi kimi qeyd olunub.
Müqəddəs bayram günündə xəstələr, ahıllar da yaddan çıxarılmayıb. Naxçıvan Hərbi Hospitalında, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə olunanlara, Naxçıvan şəhərində yaşayan tənha ahıllara, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin yataqxanalarında yaşayan tələbələrə, Şahbuz şəhərindəki Ahıllar evinin sakinlərinə də qurban əti paylanılıb.