Təxminən 100 milyonluq auditoriyaya malik bir teleməkan. Kəpəz TV (Region TV) xəbər verir ki, ötən həftə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzər mediaforumunun iştirakçıları bu makro regionun kütləvi informasiya vasitələrinin, xüsusən televiziyaların əməkdaşlıq məkanına çevrilməsi yollarını müzakirə ediblər. 5 Xəzəryanı ölkənin kütləvi informasiya vasitələri, həmçinin Azərbaycandan Regional Televiziyaların təmsilçilərinin qatıldığı tədbirdə dəyirmi masalar təşkil edilib, işbirliyi, təcrübə mübadiləsi, vahid tele-foto bazanın yaradılması məsələləri müzakirə olunub.

Geosiyasi cəhətdən son dərəcə vacib olan Xəzər regionunda informasiya mühitini formalaşdıran peşəkarlar. Həştərxanda təşkil edilən forumun iştirakçıları barədə bunu demək olar. Xəzər regionunda baş verənləri işıqlandıran kütləvi informasiya vasitələri arasında birbaşa əlaqələrin yaradılması isə tədbirin əsas məqsədi idi. Elə üç gün ərzində keçirilən dəyirmi masalarda da bu istiqamətdə müzakirələr aparıldı, informasiya, təcrübə mübadiləsi, iqtisadiyyat, ekologiya, təhsil, mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi məsələləri müzakirə olundu. Forum çərçivəsində televiziya ideyaları və jurnalist müsabiqələri də keçirildi. Əməkdaşlıq imkanları daha geniş formatda isə Həştərxan Kremlində, 1-ci Mediaforumun plenar toplantısında müzakirə olundu. Forum İştirakçılarını Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin salamlayaraq tədbirə uğurlar arzuladı. O, belə böyük miqyaslı bir forumun keçirilməsi ideyasının bir il bundan əvvəl yarandığını və indi uğurla həyata keçirildiyini bildirdi. Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin çıxışı zamanı vurğuladı ki, indi Kütləvi İnformasiya Vasitələrinin üzərinə düşən əsas vəzifələrdən biri də Xəzər regionunda iqtisadi, mədəni, təhsil sahəsində əməkdaşlığa yardım etməkdir. Plenar iclasda Xəzər regionu ölkələrinin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, Kütləvi Informasiya Vasitələrinin nümayəndələri arasında əlaqələrin qurulmasının vacib olduğunu dedilər. Məsələn, İranın Mazandaran vilayətinin teleradio şirkətinin baş direktoru Əli Sadeq Moqaddasi bildirdi ki, hətta günümüzün ən böyük problemlərinin həllində də media nümayəndələrinin böyük rolu ola bilər.

Əli Sadeq Moqaddasi - İran teleradio şirkətinin baş direktoru: "Narkotik, qaçaqmalçılıq, ekstremizm, dini nəzəriyyələrin təhrif olunması və Xəzəryanı dövlətlər, həmçinin media mənsubları bu bəlalarla birgə mübarizə aparmalıdırlar. Biz bu yolda birləşməli və gücümüzü inteqrasiyaya yönəltməliyik".

Azərbaycan nümayəndə heyətinin üzvü, Prezident Administrasiyası İctimai Siyasi Şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov Xəzər Mediaforumunun Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyinə təsadüf etdiyini bildirdi.

Nəsimi Məmmədov: "1875-ci ildə Bakıda Azərbaycan dilində ilk qəzet - Milli mətbuatın əsasını qoyan "Əkinçi" qəzeti çap olunub. Azərbaycan kütləvi informasiya vasitələrinin bu gününə gəldikdə isə qeyd etmək istəyirəm ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə söz və mətbuat azadlığı tam təmin edilib. Senzura ləğv olunub, Kütləvi İnformasiya Vasitələri haqqında qanun qəbul edilib. Kütləvi informasiya Vasitələrinə dövlət dəstəyi göstərilir. Bunun üçün Azərbaycan prezidenti yanında xüsusi fond yaradılıb. Əsas məqsəd azad fikir və azad informasiya yayımını təmin etmək, mətbuat orqanlarına yardım göstərmək, bu sahədə yeni texnologiyaların tətbiqini stimullaşdırmaqdır".

Qazaxıstandan olan nümayəndə, "Vektor Kaspiya" jurnalının baş redaktoru Natalya Butırina isə öz çıxışına "Mən də bakılıyam" sözləri ilə başladı və uzun müddət Azərbaycanda yaşadığını deyərək ölkəmiz haqqında xoş sözlər söylədi. Təcrübəli jurnalist Xəzər regionu media nümayəndələri arasında əməkdaşlığı genişləndirmək üçün bəzi təkliflər irəli sürdü. Onun sözlərinə görə, bu regionu vahid informasiya məkanı kimi təbliğ etməyə ehtiyac var.

Natalya Butırina: "Jurnalistlər çox vaxt internetdən götürdükləri quru faktlara istinad edirlər. Hesab edirəm ki, bu canlı ünsiyyəti əvəz edə bilməz. Ona görə də jurnalistlər üçün press-turların təşkilini zəruri hesab edirəm. Bundan başqa CSP abbreviaturası ilə xüsusi domen zonasının yaradılması yaxşı olardı. Bu, vahid informasiya bazası yaratmağa imkan verər".

Forumda çıxış edən Türkmənistan nümayəndələri də media mənsubları arasında əməkdaşlığın tərəfdarı olduqlarını bildirdilər. 1-ci Xəzər mediaforumu Xəzəryanı ölkələrin televiziya mütəxəssislərinin ilk görüşü deyildi. Hələ ötən il Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın bəzi regional və ölkə miqyaslı teleşirkətləri tərəfdaşlıq barədə razılaşma imzalayaraq "Xəzəryanı ölkələrin redaksiyası"nı yaratmışdılar. Bu razılaşmanı imzalayan və qurumun nizamnaməsini qəbul edənlər sırasında Region TV də var idi. Əməkdaşlıq çərçivəsində artıq ilk layihələrə də imza atılıb. Bu il Novruz bayramında Rusiya, Qazaxıstan və Azərbaycanın telekanalları telekörpülər vasitəsilə bağlantı yaradaraq ilk müştərək verilişi ərsəyə gətiriblər. Telekörpü Rusiyanın Həştərxan, Qazaxıstanın Atırau və Azərbaycanın Gəncə şəhərləri arasında yaradılmışdı. Kəpəz televiziyasının əməkdaşları qonşu ölkələrin tamaşaçılarını xalqımızın qədim mədəniyyəti və Novruz ənənələri barədə məlumatlandırmışdılar. Elə "Xəzəryanı ölkələrin redaksiyası"nın ikinci toplantısında çıxış edərkən Kəpəz Televiziyasının baş direktoru Fuad Cabarov da bu ilk təcrübənin uğurlu əməkdaşlığın başlanğıcı olacağına inandığını bildirdi.

Fuad Cabarov: "Bu birgə layihəmiz tamaşaçılar üçün də çox maraqlı idi. Çünki, onlar bu bayramın Qazaxıstanda, Rusiyada və Azərbaycanda necə keçməsi ilə tanış oldular. Biz bundan sonra da bu istiqamətdə işimizi davam etdirəcəyik. Tezliklə bizim çəkiliş qrupumuz Həştərxana gələcək və burada yerli mədəniyyətlə, adət-ənənə ilə tanış olacaq. Biz ümid edirik ki, burdakı həmkarlarımız da Azərbaycana gələcəklər. Bu görüşlərin yaxşı nəticələri var. İnanıram ki, gələn il biz daha yaxşı nəticələr əldə edə biləcəyik".

Ümumilikdə isə "Xəzəryanı ölkələrin redaksiyası"nın ikinci toplantısında televiziyalarda texnoloji təchizat, biznes həll variantları, reklam kampaniyaları, informasiya təminatı ilə bağlı işlər diqqət mərkəzində oldu. Elə Azərbaycan nümayəndə heyəti "Astraxan 24" telekanalında qonaq olarkən də televiziyaların iş prinsipləri müqayisə olundu, texniki təchizatla bağlı nüanslar müzakirə edildi.

Həştərxan televiziyası ilə Region TV-nin əməkdaşlıq perspektivləri, işbirliyinin müxtəlif aspektləri barədə fikir mübadiləsi də aparıldı. Beləliklə, üç gün ərzində Həştərxan Xəzər dənizi ölkələrinin media mənsubları üçün əsl polemika meydanına çevrildi. Təkliflər də, müzakirələr də, hətta mübahisələr də oldu. Amma, bir fikirlə hamı razılaşdı ki, ölkələr arasında, xüsusən bu ölkələrin media nümayəndələri arasında ünsiyyət son dərəcə vacibdir. Bu ünsiyyət üçün növbəti məkan isə Azərbaycan olacaq. "Xəzəryanı ölkələrin redaksiyası"nın 3-cü toplantısının gələn il Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

Milli.Az