Azərbaycan XİN rəhbəri: “Sülhməramlı əməliyyatlar beynəlxalq təhlükəsizlik üçün kifayət etmir”

Azərbaycan XİN rəhbəri: “Sülhməramlı əməliyyatlar beynəlxalq təhlükəsizlik üçün kifayət etmir”
11:42 29 Sentyabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:37 ]

Bakı – APA. “Biz BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Sülhməramlılar Sammitində çıxışı zamanı deyib.

 

Ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəklədiyini deyən nazir qeyd edib ki, qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir. “1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verib. Hazırda Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qəti dəstək” əməliyyatında iştirak edir. Biz, Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik".

 

Bununla yanaşı E. Məmmədyarov qeyd edib ki, beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir. Onun sözlərinə görə, sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır: “Sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən, biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və  ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir”.
 

BMT-nin sülhməramlı fəaliyyətinin dəstəklənməsini nəzərdə tutan siyasi proses təşəbbüsünə görə BMT baş katibi və ABŞ hökumətinə təşəkkür edən E. Məmmədyarov bildirib ki, yalnız son 10 ildə BMT sülhməramlı əməliyyatlarının şəxsi heyətinin ölçüsünün artması və mandatının önəmli dərəcədə şaxələndirilməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin miqyasının genişlənməsinə dəlalət edir. “Digər tərəfdən, bu, BMT-nin mərkəzi təşkilat kimi qlobal sülh və təhlükəsizliyin qorunub saxlanılmasında beynəlxalq səylərin reallaşdırılması baxımından üzv dövlətlərin etimadını təsdiq edir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR