Strasburq, 30 sentyabr, AZƏRTAC
Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Tunisin qadın, ailə və uşaq məsələləri üzrə naziri xanım Samira Meray Fria ilə görüşüb. Görüşün məqsədi “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsi ilə Tunisin aidiyyəti qurumu arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Samira Meray Fria Sahibə Qafarovanın siyasi əlaqələndiricisi olduğu parlament şəbəkəsinin Avropa ölkələrində, o cümlədən qonşu bölgələrdəki ölkələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və bu sahədə irəliləyişin təmin olunması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.
Tunisdə hazırda bu sahədə böyük işlərin həyata keçirilməsi barədə məlumat verən nazir ölkəsinin parlamentinin də bu şəbəkədə fəal rol oynamaq istədiyini bildirib.
“Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsi daxilində ayrı-ayrı ölkə parlamentarilərinin təcrübəsindən faydalanmağın əhəmiyyəti vurğulanıb.
Azərbaycanlı deputat qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində ölkəmizdə görülən işlər və Milli Məclisin bu prosesdə oynadığı rola dair məlumat verib.
Söhbət zamanı Tunisin aidiyyəti qurumu ilə parlament şəbəkəsi arasında əməkdaşlıq imkanları və perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu istiqamətdə əməkdaşlığın inkişafı üçün görüşlərin və müzakirələrin davam etdirilməsi qərara alınıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq