“Sənədi qurumun Sədrlər Şurasının tapşırığı ilə hazırlamışam”

“Mətbuatda çap olunan layihə Demokratiya Uğrunda İttifaqın mövqeyini əks etdirmir”.


Bunu Lent.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) Demokratiya Uğrunda İttifaqdakı (DİU) təmsilçisi, millət vəkili Pənah Hüseyn deyib. O, layihəni DUİ-nin Sədrlər Şurasının tapşırığı ilə hazırladığını bildirib: “Sənədi hazırlayıb dekabrın 3-də Sədrlər Şurasına təqdim etmişəm. Yəni, orada qeyd olunanlar DUİ ilə razılaşdırılmayıb, sadəcə onların müzakirəsinə verilib”.


Pənah Hüseyn bildirib ki, əslində layihənin 1-ci bəndi yazının ilk cümləsindən sonra başlayır. Onun sözlərinə görə, layihədə əsasən, indiki şəraitdə cəmiyyəti, xüsusən müxalifəti və onun bazasını təşkil edən kəsimləri düşündürən, müəyyən müzakirələrə, diskussiyalara, mübahisələrə səbəb olan məsələlər barədə bir mövqe ortalığa qoyulub: “Ümumiyyətlə, əsas məqsəd müxalifətin indiki siyasi vəziyyətdə əsas vəzifəsi kimi onun fəaliyyət birliyinə nail olunması məsələsi ortaya qoyulub. Bütün tezislər də bunun əsaslandırılmasına xidmət edir”.


Pənah Hüseyn təkcə layihədə adını çəkdiyi qurumları (“Azadlıq” siyasi bloku, Müsavat Partiyası, ADP, AMİP, DUİ, ANİF) müxalifət kimi görmədiyini bildirib: “Başqa müxalifət partiyaları da var”.


Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bugünkü sayında Pənah Hüseynin “Mövcud siyasi vəziyyət və müxalifətin vəzifələri haqqında Demokratiya Uğrunda İttifaqın açıqlaması” adlı layihəsi çap olunub. Layihədə millət vəkili müxalifətə bir sıra təkliflər ünvanlayıb.


Pərvin ABBASOV