Bərdə, 3 oktyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq SOCAR və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Birliyin 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadalıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə keçirilən test imtahanlarında Tərtər Regional Qaz İdarəsi üzrə 621 nəfər iştirak edib. İmtahanda namizədlərə 5-6-7-ci sinif riyaziyyat fənnindən 4 variantda 40 test tapşırığı təqdim olunub və cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
Test imtahanında müvəffəqiyyət qazanan namizədlərə 10 gün müddətində SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi nəzəri-praktiki təlim keçiləcək. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər.
Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi hazırda vakant olan yerlərə işə qəbul olunacaq. Digərlərinin adları isə Kadr Ehtiyatı Bazasına daxil edilərək, “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.
