Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, kişi idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edirlər.
Turnirdə balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunacaq. Çoxnövçülük üzrə final mərhələsi isə böyüklər, gənclər və yeniyetmələr arasında keçirilir.
Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu və “Neftçı” təmsil olunur. Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda gərgin mübarizə aparılır.
Yarışda birinci Avropa Oyunlarının beşqat mükafatçısı, həmçinin parallel qollarda qızıl medalın sahibi Oleq Stepko, komanda hesabında bürünc mükafatçı Petro Paxnyuk, “Bakı-2015”in iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, o cümlədən Mariya Smirnova da çıxış edirlər.