Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukrayna ordusu və Dombasdakı separatçı qüvvələr ölkənin Luqansk vilayətindən ağır texnikanı geri çəkməyə başlayıblar.
"Report" "UNN"-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Vladıslav Seleznyov bildirib.
Onun sözlərinə görə, ağır texnikanın geri çəkilməsi prosesi oktyabrın 17-dək davam edəcək: "Luqansk vilayətindən silahların geri çəkilməsinin birinci mərhələsi 15 gün sürəcək. Oktyabrın 18-dən noyabrın 12-dək 100 mm çaplı silahların Donetsk vilayətindən geri çəkilməsinə başlanılacaq".
Məlumata görə, müəyyən rayonlara yerləşdirilən "T-64" və "T-72" tankları, 85 mm çaplı "D-48" və "D-44" toplar və 82 mm çaplı "2B-9" minaatalar çıxarılacaq.
Hər iki tərəf texnika və silahları bölgədən çıxaracaq. Bu proses ATƏT-in və KİV-in müşahidəsi altında həyata keçiriləcək.