Bu gün ilə bağlı olaraq Müsavat Partiyası və Milli Şuranın rəhbərliyi, üzvləri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.
ANS TV-nin məlumatına görə, abidənin önünə əklillər qoyulub, Rəsulzadənin ruhuna dualar oxunub. Rəsulzadənin Azərbaycan tarixindəki rolundan danışılıb.
Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günündə Bakının Novxanı kəndində anadan olub. O, həyatını Azərbaycanın Müstəqilliyi uğrunda böyük bir imperiya ilə mübarizəyə həsr edib. Bu mübarizənin nəticəsi isə şərqin ilk demokratik respublikası oldu.
Məhəmməd Əmin Rəsulzadə müstəmləkə rejiminə qarşı mübarizəyə hələ 18 yaşı olarkən başlayıb. Nəhayət 1918-ci il mayın 28-də Rəsulzadənin uğrunda illərlə mübarizə apardığı gün gəlir - Azərbaycan Xalq Cümhuriyyəti özünün İstiqlal bəyannaməsini elan edir. “Bir kərə yüksələn bayraq, bir daha enməz” - Rəsulzadə həmin günün sevincini bu sözlərlə ifadə edir.
O,1955-ci ildə Ankarada həyata əbədi gözlərini yumdu.
Mənbə
ANS-TV