İspaniya millisinin sabiq yarımmüdafiəçisi : "Pikeni "Real" azarkeşləri fitə basırlar"

Xavi Jerar Pikenin fitə basılmasına münasibət bildirib: "İndi fitə basmaq əvəzinə dəstəkləmək zamanıdır. O, İspaniya üçün, yığma komanda üçün oynayır.

Onu fitə basanlar "Real" azarkeşləridir. Onlar bunu Pikenin "Kamp Nou"da dediyi sözlərə görə edirlər. Başqa da heç nə".

Pike hansı səbəbdən fitə basılır?

Ötən mövsüm "Barselona" ilə mümkün olan əsas kubokların hamısını qazanan Pike "Kamp Nou"dakı şənliklər zamanı "Təşəkkürlər, Kevin Roldan. Hər şey səndən sonra başladı" cümləsini işlətmişdi. Müdafiəçi bu sözlərlə fevralda "Real"ın məğlub olduğu oyundan sonra ad gününü karaoke klubda qeyd edən və müğənni Kevin Roldanla birlikdə mahnı oxuyan Kriştiano Ronaldoya sataşmışdı. Məhz bu səbəbdən Pikenin fitə basıldığı iddia olunur.