Stokholm, 12 oktyabr, AZƏRTAC
2015-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı istehlak sahəsində tədqiqatlara görə britaniyalı Enqus Ditona verilib.
Bu xəbər İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə elan edilib.
Akademiyanın baş katibi Yoran Xanson tədbirdə çıxış edərək bu alimin apardığı tədqiqatların əhəmiyyətini vurğulayıb. Y.Xanson deyib: “İsveç Kral Elmlər Akademiyası bu gün qərara alıb ki, iqtisadiyyat elmləri sahəsində Alfred Nobelin xatirəsinə həsr edilmiş mükafat istehlak, yoxsulluq və rifah sahəsində tədqiqatlara görə Enqus Ditona verilsin”.
Əslən Şotlandiyadan olan E.Diton hazırda ABŞ-ın Prinston Universitetində işləyir. Onun tədqiqatları mikroiqtisadi proseslərin və istehlakçıların davranışının öyrənilməsinə həsr edilib.
Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Mükafatın məbləği 8 milyon İsveç kronuna (953 min ABŞ dollarına) bərabərdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm