Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasında vakant vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə Polis Akademiyasının daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında müəllim, mühəndis-proqramçı, dil hazırlığı kafedrasında müəllim və baş müəllim, xüsusi texnika kafedrasında müəllim, hərbi kafedrada müəllim, beynəlxalq əməkdaşlıq qrupunda baş inspektor vəzifələri çıxarılıb.
Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının mühəndis-proqramçısı vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompyuter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, “Java”, “C++” və “Delphi” proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin “MS SQL” və “Oracle” verilənlər bazasının idarə edilməsi sistemlərinin iş prinsipləri haqqında biliyə malik olmalıdır.
Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının müəllimi vəzifəsinə namizəd hüquqşünaslıq ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, pedaqoji staja malik və elmi-tədqiqat işləri ilə məşğul olmalıdır.
Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd ingilis dili ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, pedaqoji staja malik və elmi-tədqiqat işləri ilə məşğul olmalı, habelə ingilis dilini mükəmməl səviyyədə bilməlidir.
Hərbi kafedranın müəllimi vəzifəsinə namizəd isə hərbi təhsil və dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirməli, pedaqoji staja malik olmalıdır.
Xüsusi texnika kafedrasının müəllimi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin texniki istiqamətlər üzrə magistratura pilləsini bitirməli, kompyuterdə mükəmməl işləmək bacarığına malik olmalıdır.
Beynəlxalq əməkdaşlıq qrupunun baş inspektoru vəzifəsinə namizəd isə dövlət ali təhsil müəssisələrinin hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, habelə ingilis dilini mükəmməl səviyyədə bilməli, kompyuterdə işləmək bacarığı olmalıdır.
Müsabiqədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş şərtlərə cavab verən, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetr) yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.
Namizədlər müsabiqədə iştirak etmək üçün elanda göstərilən ünvanda fəaliyyət göstərən komissiyaya müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (qadınlar istisna olmaqla), əmək kitabçasını təqdim etməlidirlər. Müsabiqənin şərtlərinə cavab verməyən namizədlərin sənədləri qəbul olunmayacaq.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyənləşdirilmiş tapşırıqlar və normativlər üzrə yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasında (Bakı şəhəri, Mərdəkan qəsəbəsi) oktyabrın 12-dən noyabrın 12-dək hər gün (qeyri-iş günlərindən başqa) saat 10-dan 18-dək qəbul olunur.
Əlavə məlumatı www.mia.gov.az saytından almaq mümkündür. Əlaqə telefonu: (012) 454-12-78, e-mail: info@mia.gov.az