Berlin, 13 oktyabr, AZƏRTAC
Bir ay bundan əvvəl “Volkswagen” konserni ilə bağlı dizel qalmaqalı “Made in Germany” mallarını ciddi şəkildə nüfuzdan salaraq Almaniyanın imicinə möhkəm zərbə vurub. Londonun “Brand Finance” konsaltinq şirkətinin “Nation Brands” gündəlik reytinq məlumatlarının bugünkü açıqlaması da bunu göstərir. “Brand Finance” dünya ölkələri brendlərinin davamlı dinamikasını və dəyərini izləyir.
Almaniya brendlərin davamlılıq reytinqində birinci yeri itirərək liderliyi Sinqapura verib. AFR brendinin dəyəri hesablanarkən həm ölkə brendinin davamlılığı, həm də ÜDM məlumatları nəzərə alınır. “Brand Finance” şirkətinin məlumatında bildirilir ki, Almaniyada ÜDM 2014-cü illə müqayisədə 191 milyard dollar azalaraq, 4,2 trilyon dollar təşkil edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin