Bakı, 14 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Ermənistan Futbol Federasiyası “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Albaniya yığması ilə sonuncu qrup oyunu barədə KİV-də yayılan söz-söhbətlərlə bağlı rəsmi açıqlama verməkdən boyun qaçırıb.
AZƏRTAC “Sport Express”ə istinadla xəbər verir ki, Ermənistan Futbol Federasiyası hələ bu məsələyə aydınlıq gətirməyə hazır deyil: “Hazırda qurum bu şayiəyə münasibət bildirməyi məqsədəuyğun saymır. Yaxın vaxtlarda bu mövzuya dair rəsmi münasibət acıqlanacaq”.
Məlumat üçün qeyd edək ki, “Avro-2016”nın seçmə mərhələsinin sonuncu qrup oyununda Ermənistanın Albaniya millisinə 0:3 hesablı məğlubiyyəti ilə bağlı bir sıra saytlarda sensasion xəbərlər yayılıb. Həmin xəbərlərdə bildirilib ki, Albaniya futbol funksionerləri turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün Ermənistanın dörd futbolçusunun hər birinə 500 yüz min avro məbləğində rüşvət verib.