Bərdə, 15 oktyabr, AZƏRTAC
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə şəhər 3 nömrəli tam orta məktəbin və akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagird və müəllimləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Arifət Əhmədova və məktəbin müəllimləri çıxış edərək, Azərbaycanın keçdiyi müstəqillik yolundan, müstəqilliyimizin ilk illərində ölkəmizdə baş vermiş ağır ictimai-siyasi vəziyyətdən bəhs ediblər.
Bildirilib ki, dövlət müstəqilliyini qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz qorunub və möhkəmləndirilib, ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, iqtisadiyyat ağır böhrandan çıxarılaraq inkişaf yoluna qədəm qoyub, respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilib.
Qeyd edilib ki, Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük nailiyyətlər əldə edərək, dünyada ən sürətlə inkişaf edən dövlətə çevrilib.
Tədbirin sonunda şagirdlərin Dövlət Müstəqilliyi Günü ilə bağlı hazırladıqları kompozisiya nümayiş etdirilib.

