Bakı, 15 oktyabr, AZƏRTAC
Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar.
AZƏRTAC Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.
Komitə öz fəaliyyətində bir neçə prioritet məsələni əsas götürür ki, bu da cəmiyyətin inkişafında xüsusi əhəmiyyətə malikdir. Dövlət siyasətinin tərkib hissəsi olan ailə, qadın və uşaq məsələləri aktuallığı və dinamikliyi ilə seçilir.
2010-cu ildə qəbul edilən “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının Qanununun icrasında müəyyən problemlər vardır. Bu problemlərdən biri zorakılıq qurbanlarına mühafizə orderlərinin verilməsi ilə bağlıdır.
Qeyd edək ki, qısa müddətli mühafizə orderləri (30 günədək) rayon icra hakimiyyətləri, uzunmüddətli mühafizə orderləri (30 gündən-180 günədək) isə məhkəmələr tərəfindən zorakılığına məruz qalan şəxslərə verilir.
Bu Qanunun icrası ilə bağlı digər problem zorakılıq qurbanları üçün nəzərdə tutulmuş sığınacaqların sayının kifayət qədər olmaması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülür.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən dünyada qadınların 35 faizi zorakılığa məruz qalır və zorakılıq halları əsasən qadınlara qarşı onların yaxınları tərəfindən törədilir.
Azərbaycanda 2014-cü ildə qeydə alınmış 721 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub. Onların 7,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 9,4 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 6,6 faizi isə digər cinayətlərdir.
Aşkar olunmuş hüquq pozucuların 77,2 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 13,1 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,6 faizi sərxoş vəziyyətində olan şəxslər, 6,2 faizi qadınlar, 3,1 faizi isə 18 yaşadək uşaqlardır.