Ağdaş, 15 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq planına uyğun olaraq 89 saylı Göyçay-Ağdaş və 90 saylı Ağdaş seçki dairələrinin dairə seçki komissiyalarının inzibati binalarında təşkil olunan aşağı seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış treninqlər başa çatıb.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov AZƏRTAC-a bildirib ki, treninqlərə dairənin tərkibinə daxil olan 36 seçki məntəqəsindən 210 nəfər komissiya üzvü cəlb olunub. Təlimlərdə məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri seçki günü prosedurları, səslərin hesablanması və səsvermənin nəticələri haqqında yekun protokolun doldurulması, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər barədə maarifləndiriliblər. İştirakçılara “Seçki günü üçün yaddaş” kitabçası və digər sənəd nümunələri də təqdim olunub. Məlumat verilib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 36 seçki məntəqəsi üzrə 38 min 447 seçici qeydiyyata alınıb. Onlardan 448 nəfəri ilk dəfə səs verəcək gənclərdir.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nürəddin Nəsibov AZƏRTAC-a bildirib ki, treninqlərə dairənin tərkibinə daxil olan 40 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunub. Ümumilikdə 160 nəfər komissiya üzvünün iştirak etdiyi maarifləndirici treninqlərdə seçkiyə hazırlıq, sənədlərlə işin aparılması, seçki prosesində KİV-in rolu, xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Treninqlər zamanı məntəqə seçki komissiyalarının hər bir üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənədlərin nümunələri təqdim olunub.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 40 seçki məntəqəsi üzrə 39 min 994 seçici qeydiyyata alınıb. Onlardan da 559 nəfəri ilk dəfə səs verəcək.