Göyçay, 16 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 16-da Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kollecin direktoru Xəlil Orucov, Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov, Yevlax nümayəndəliyinin rəhbəri Rəşad Abbasov çıxış edərək, təhsil ocağında iqtisadiyyat və mühasibatlıq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunan bu maarifləndirmə xarakterli tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hazırda ölkəmizdə kiçik və orta biznesin inkişafına dövlət tərəfindən lazımi dəstək verilir, sahibkarların fəaliyyətinin genişlənməsi üçün, eləcə də rəqabət qabiliyyətli və keyfiyyətli məhsulların istehsalına stimul yaradan tədbirlər görülür.
150-ə yaxın gəncin iştirak etdiyi təlimdə məlumat verilib ki, Bakı Biznes Tədris Mərkəzinin fəaliyyətində əsas məqsəd sahibkarlıq təşəbbüslərinin artırılması, sahibkarların maarifləndirilməsi və onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsidir. 2007-ci ildən başlayaraq fəaliyyət göstərən Bakı Biznes Tədris Mərkəzinin hazırda Gəncə, Şəki, Lənkəran, Qazax, Yevlax, Göyçay və Xaçmaz nümayəndəlikləri mövcuddur.
Təlimdə monitor vasitəsilə gənclərə biznes fəaliyyətinin qurulması və inkişafı ilə bağlı nümunələr göstərilib, elektron xidmətlər, İqtisadiyyat və Sənaye Nazirliyinin, eləcə də Bakı Biznes Tədris Mərkəzinin internet saytlarından istifadə qaydaları, sahibkarlıq fəaliyyətinə başlamaq üçün hansı sənədləşdirmə işlərinin görülməsi və müvafiq dövlət qurumları ilə əlaqə vasitələri barədə məlumat verilib, suallar cavablandırılıb.
Gənclərə “Biznes ideyası yarat və öz biznesinə başla” adlı bukletlər paylanılıb.
Gənclər biznes fəaliyyətinin qurulması və inkişafı ilə məlumatlandırılıblar