Almaniyada çox böyük korrupsiya qalmaqalı yaranıb. Ölkənin baş naziri Angela Merkellə "Adidas" konserninin rəhbərliyi DÇ-2006-ya ev sahibliyi edəcək ölkənin seçimi zamanı FİFA-ya rüşvət verilməsi prosesinə rəhbərlikdə suçlanırlar.
Milli.Az Der Spiegel-ə istinadən bildirir ki, FİFA-nın İcraiyyə Komitəsinin 4 məmuru Berlindən rüşvət alıb və bunun sayəsində Almaniya çempionata ev sahibliyi etmək hüququna yiyələnib.

Hadisələr 2000-ci ildə yaşanıb. Həmin vaxtlarda "Adidas" konserninə rəhbərlik etmiş Robert Lüis-Dreyfus (Robert Louis-Dreyfus) Almaniyanın çempionata hazırlıq və təşkilat komitəsinə 10,3 milyon İsveçrə frankı (7,6 milyon dollar) verib.
Həmin pullar sonradan FİFA-da 4 Asiya ölkəsini təmsil edən funksionerlərə rüşvət qismində ödənib.
Prosesdən Almaniyanın baş naziri Angela Merkelin birbaşa xəbərdar olduğu vurğulanır. Habelə, rüşvətin verilməsi əməliyyatını Frans Bekkenbauer (Franz Beckenbauer), habelə Almaniya Futbol Federasiyasının (Deutscher Fussbal Bund, DFB) indiki prezidenti Volfqanq Nirsbax (Wolfgang Niersbach) da biliblər.

Rüşvət prosesi çox məharətlə pərdələnib. Belə ki, "Adidas" çempionatın əsas sponsorlarından və Almaniya yığmasının geyim təminatçısı olduğundan turnirin təntənəli açılış mərasiminin maliyyələşdirilməsi üçün FİFA-nın hesabına 6,7 milyon dollar keçirib. Bu pullar sonradan Berlindəki Olimpiya Stadionundakı mərasimə xərclənməliymiş. Lakin az sonra həmin məbləğ Luis-Dreyfusun Sürixdəki bank hesabına axıb, oradan da FİFA-nın 4 məmurunun hesablarına yönəldilib.
Rüşvət almaqda suçlanan FİFA məmurlarından ikisi dünyasını dəyişib. İki məmur isə sualları cavablamaqdan imtina edirlər.
"Adidas"ın mərhum rəhbəri Luis-Dreyfus isə 2009-cu ildə vəfat edib.

Almaniyanın Futbol Federasiyası (DFB) rəsmi saytında açıqlama yayaraq ittihamları rədd edib.
Orxan Hun
Milli.Az