Turin, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Turində yerli iqtisadi inkişafa dair III Ümumdünya Forumunda iştirak edib. BMT-nin İnkişaf Proqramının Brüsseldəki ofisi, Turin şəhər meriyası, Beynəlxalq Əmək Təşkilatı, birləşmiş şəhərlər və yerli hökumətlər qlobal şəbəkəsi və digər tərəfdaşlarla birgə təşkil olunan Forumda əsasən, davamlı inkişaf üçün regional rəqabət qabiliyyətliliyi və innovasiya, iş yerlərinin yaradılmasının lokallaşdırılması və davamlı urbanizasiya və s. mövzularda müzakirələr aparılıb.
Tədbirin açılış mərasimində Turin şəhərinin meri Pyero Fassino, Seneqalın paytaxtı Dakarın meri Xəlifə Sall, Birləşmiş Regionlar Təşkilatının prezidenti Pol Karrasko, Beynəlxalq Əmək Təşkilatının baş katibinin müavini Qreq Vayns və başqaları çıxış ediblər. Forumda məruzəçilər tərəfindən yerli iqtisadi inkişaf strategiyaları barədə müxtəlif ideyalar səsləndirilib, müvafiq istiqamətdə təşəbbüslər sosial bərabərsizliyin azaldılmasının səmərəli üsulları və gəlirlərin bölüşdürülməsinin daha tarazlı yolları kimi nəzərdən keçirilib.
Əməkdaşlıqda yerli hökumətlərin potensialının gücləndirilməsi, bu baxımdan cənub-cənub və üçtərəfli əməkdaşlıq, şəhər-şəhər əməkdaşlığı və digər ərazi yanaşmaları tədbirdə diqqət mərkəzində olub. Eyni zamanda, şəhərlərin davamlı inkişaf strategiyası kimi aqro-ərzaq sistemlərində şəhər-kənd əlaqələrinin təşfiq olunması imkanlarından danışılıb.
Tədbirdə İtaliya, Boliviya, Fələstin, Kanada, Fransa, Argentina, Mərakeş, Kot-d’İvuar, Monqolustan, Braziliya və s. ölkələrin nazirləri, bir sıra şəhərlərin merləri, regional, federal hökumət rəhbərləri, müxtəlif şirkətlərin nümayəndələri, təhsil ocaqlarının, “beyin mərkəzləri”nin, beynəlxalq təşkilatların və QHT-lərin təmsilçiləri iştirak ediblər.
Forum çərçivəsində V.Sadıqov Turin şəhərinin meri Pyero Fassino ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın Pyemonte regionu, o cümlədən Gəncə və Turin şəhərləri arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin
Azərbaycanın İtaliyadakı səfiri yerli iqtisadi inkişafa dair III Ümumdünya Forumunda iştirak edib