Naxçıvan, 2 fevral, AzərTAc
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon polis şöbəsinin şəxsi heyəti “Sən də bir həyat ver” devizi altında keçirilən qanvermə aksiyasında fəal iştirakı edib.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində təşkil olunan aksiya zamanı donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada 42 polis işçisi könüllü olaraq qan verib. Donorlardan götürülən 19,5 litr qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilib.
Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsinə yönəlmiş qanvermə aksiyalarının təşkilini davam etdirir.