Bakı, 21 oktyabr, AZƏRTAC
“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG)” layihəsi çərçivəsində kəmər xəttinin inşasına artıq başlanılıb. Layihə üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunda aparılır. Azərbaycanda boru kəməri marşrutunun ilk 200 kilometr boyu torpaq sahələrinin əldə olunması başa çatıb və hazırda marşrutun qalan hissəsində torpaq sahələrinin əldə olunması həyata keçirilir. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət, tənzimləmə qurğusunun tikintisi isə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində məlumat verilib. Bildirilib ki, “Cənub” qaz dəhlizi layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG)” layihələri üzrə işlər qrafikdə nəzərdə tutulan vaxtdan xeyli irəlidədir. Hazırda layihə üzrə işlər sürətlə aparılır, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı tikinti sahəsi, Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam etdirilir, platformanın üst modulları və dayaq blokları istehsalat sahələrində qurulur.
“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG)” layihələri üzrə ölkədə 20 mindən çox insan tikinti işlərinə cəlb olunub ki, onların 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.