Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Təhsil Nazirliyinin tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə yaradılmış, məktəblilərin olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə jurnalistlərlə yanaşı, respublika fənn olimpiadalarının qalibləri də iştirak ediblər.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat verilib ki, nazirliyin tabeliyindəki kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir. Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunub. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və yataqxana ilə təmin edilirlər. Fənn olimpiadaları və bilik yarışlarının istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyəti nəzərə alınmaqla bu sahədə mühüm addımlar atılıb. Ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yeri tutub. Məktəblilərimiz dünya fənn olimpiadalarında bir gümüş, səkkiz bürünc medal qazanıblar. Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər isə IX-XI sinif şagirdi seçilib.
Qeyd olunub ki, olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Tədris ili ərzində həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəklər. Eyni zamanda, şagirdlər qış və yay tətillərində müvafiq olaraq qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.
Media nümayəndələri fizika və riyaziyyat üzrə hazırlıq məşğələlərində iştirak edib, liseyin yataqxanasında şagirdlər üçün yaradılan şəraitlə tanış olublar.
