İsmayıllı, 22 oktyabr, AZƏRTAC
İtirilməkdə olan qədim sənət növlərinin yenidən dirçəldilməsi, dədə-babalarımızdan qalan mədəni irsin, sənət nümunələrinin qorunması və gənc nəslə çatdırılması, yerli sənətkarlıq bazarının inkişafı bu gün həm də gənclərin məşğulluğunun artırılmasında xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə bu il sentyabrın 25-dən başlanan və 6 ay davam edəcək “Əsrlərdən gələn sənətimiz” layihəsi məhz bu məqsədə xidmət edir. Layihə Bakı, Gəncə şəhərlərini, İsmayıllı, Şəki və Qəbələ rayonlarını əhatə edəcək.
Layihə çərçivəsində oktyabrın 21-də İsmayıllı Peşə Tədris Mərkəzində keçirilən tədbirdə 12 nəfər peşəkar sənətkar 100-dək dinləyici qarşısında qədim sənət növlərinin ecazkarlığını nümayiş etdirib.
Tədbir sənətkarlıqla məşğul olmaq istəyən gəncləri həvəsləndirmək, onları itirilməklə olan qədim sənət növlərinin bərpasına cəlb etmək məqsədilə təşkil edilib.