Tokio, 22 oktyabr, AZƏRTAC
Yaponiya polisi bu yaxınlarda yaranmış “Kobe Yamaquçi-qumi” yakuza qruplaşmasının rəhbəri Osamu Teraokanı həbs edib.
Xəbər verdiyimiz kimi, avqustda “Yamaquçi-qumi” yakuza qruplaşmasında parçalanma baş verib. Bu qruplaşma özündə bütün Yaponiya üzrə yakuzaların 43 faizini (23 min nəfər) birləşdirirdi. Nəticədə 3 min yakuza köhnə təşkilatdan çıxaraq özlərinin yeni “Kobe Yamaquçi-qumi” qruplaşmasını yaratdığını bildirib. Məhz bundan sonra polis təhlükəsizlik tədbirlərini gücləndirərək, bir sıra axtarışlar və həbslər aparıb. Məqsəd daha nüfuzlu liderləri kənarlaşdırmaqla baş verəcək qanlı hadisələrin qarşısını almaq üçün qruplar arasında gərginliyi azaltmaqdan ibarətdir. 1985-ci ildə belə parçalanma nüfuz dairəsi uğrunda qarşıdurmaya səbəb olmuş və çoxsaylı tələfatla nəticlənmişdi.
Bu yaxınlarda 66 yaşı tamam olan Osama Teraoka yeni qruplaşmada “vakaqaşira” vəzifəsini tutub. Onun həbsinin formal səbəbi avtomobilinin başqa şəxsin adına olması göstərilib. Adətən belə həbslər məhz xırda səbəblərə görə aparılır, amma sonradan daha ciddi dəllillər aşkar edilir.
Bu həftə polis “Yamaquçi-qumi” qruplaşmasının da bəzi liderlərini həbs edib. 1915-ci ildə Kobe şəhərində təsis edilmiş “Yamaquçi-qumi” əsasən Osaka, Kioto, Hyoqo, Saqa, Nara və Vakayama prefekturlarının daxil olduğu Kansay regionunu əhatə edib. Polisin məlumatına görə, hazırda onun 44 prefekturada 1100 bölməsi var. Son illər yapon polisinin “Yamaquçi-qumi”yə təzyiqi artırması onun üzvlərinin sayının təqribən iki dəfə azalmasına səbəb olub. Hazırda Yaponiyada polis qeydiyyatına alınmış 20 yakuza qruplaşması var və onların sıralarında 70 min nəfər birləşir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio