Bakı, 22 oktyabr, AZƏRTAC
Dünyanın 14 ölkəsində keçirilən “IE Venture Day” müsabiqəsi ilk dəfə bu il dekabrın 3-də Azərbaycanda təşkil olunacaq. Layihələrin qəbulu noyabrın 1-dək davam edəcək. Müsabiqə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə, Avropanın aparıcı biznes-məktəbi “IE Business School” və Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil ediləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “IE Venture Day” perspektivli startapların, təcrübəli sahibkarların və investorların ünsiyyət qurması, o cümlədən hər kəsin özü üçün yeni əlaqələr qurub biznesini inkişaf etdirə bilməsi üçün unikal platformadır. Son 4 ildə “IE Venture Day” müsabiqəsində iştirak edən startaplar 12 milyon avrodan çox investisiya yığmağı bacarıb.
“IE Venture Day” müsabiqəsinə, həmçinin texnologiya, sahibkarlıq və vençur kapitalı dünyasının ən məşhur spikerlərini toplayan konfrans da daxildir.