Bakı, 23 oktyabr, AZƏRTAC
“Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi Dövlət Statistika Komitəsi və Avropa İttifaqı mütəxəssislərinin qarşılıqlı səfərləri əsasında həyata keçiriləcək. Layihənin icrasını təşkil etmək üçün layihə idarəetmə komitəsi yaradılacaq.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə komitənin sədri Tahir Budaqovun Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Serqey Tsvetarski ilə keçirdiyi görüşdə məlumat verilib.
Görüşdə Tvinninq layihəsinin başlanması ilə bağlı məsələlər müzakirə olunub və bildirilib ki, layihə Dövlət Statistika Komitəsi və Avropa İttifaqı mütəxəssislərinin qarşılıqlı səfərləri əsasında həyata keçiriləcək. Layihənin icrasını təşkil etmək üçün layihə idarəetmə komitəsi yaradılacaq ki, layihəyə başlandığı dövrdən sonra komitə üzvləri rübdə bir dəfə Dövlətstatkomda toplaşıb rüb ərzində layihə üzrə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini müzakirə edərək meydana çıxan problemləri həll edəcəklər. Tvinninq təlimatına əsasən, idarəetmə komitəsinin üzvləri Dövlət Statistika Komitəsi tərəfindən layihə rəhbəri və Tvinninq üzrə Rezident Müşavir (TRM) tərəfdaşı, üzv dövlət tərəfindən əsas və ikinci dərəcəli layihə rəhbərləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşından ibarət olacaq.
Eyni zamanda, görüşdə Tvinninq layihəsinə daxil olan statistik keyfiyyətin idarə edilməsi sistemi, coğrafi informasiya sistemi (CİS), gəlirlər və həyat şəraitinə dair statistika, əlil və sağlamlıq imkanları məhdud şəxslərə dair statistika və turizm statistikası komponentləri ətrafında müzakirələr aparılıb.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti S.Tsvetarski görüşdən razı qaldığını və Azərbaycan Dövlət Statistika Komitəsi ilə rəhbəri olduğu qurumun ikinci dərəcəli tərəfdaş kimi işləmək imkanına malik olması ilə əlaqədar öz məmnunluğunu bildirib.
Tahir Budaqov da Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Milli Statistika İnstitutu arasındakı qarşılıqlı əməkdaşlığı müsbət dəyərləndirib.