Bakı, 24 oktyabr, AZƏRTAC
Meksikanın Milli meteoroloji xidmətinin məlumatına əsasən “Patrisiya” qasırğası Sakit Okean sahillərinə çatıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə rəhbərliyi sahilyanı ştatların iri limanlarının və dəbdəbəli kurortlarının da daxil olduğu onlarla yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi elan edib. Bu səbəblə 15 min turistin təxliyə olunduğu bildirilir.
“Patrisiya” meteoroloji müşahidələr tarixində ən güclü qasırğa kimi tanınıb: küləyin gücü indiyədək görünməmiş sürətə - saatda 321 kilometrə çatır. Bundan başqa, “Patrisiya” daha bir rekorda – qasırğa üçün ən aşağı təzyiqə malikdir. Oktyabrın 23-də o, 880 millibara qədər enmişdi.
Bir qədər əvvəl təhlükəlilik dərəcəsinə görə qasırğaya Saffir-Simpson şkalası üzrə beşinci kateqoriya verilmişdi. Ekspertlər qasırğanın gücünün dördüncü kateqoriyaya qədər enəcəyini hesablasalar da, mümkün fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq yayıblar. Onlar əsasən, okeanda yaranan 11,8 metrlık dalğalardan, həmçinin leysan yağışlardan və daşqınlardan ehtiyat edirlər. Sahilyanı ştatlarda 63 santimetrə qədər yağıntının düşəcəyi gözlənilir.
“Patrisiya” dəqiq məlumatların toplandığı 1949-cu ildən bəri Meksikanın bütün Sakit Okean sahillərini bürüyən beşinci kateqoriyalı ikinci qasırğadır. Bundan əvvəl oxşar hadisə 1959-cu ilin oktyabr ayında qeydə alınmişdi. O zaman qasırğa 1800 nəfərə qədər insanın ölümünə səbəb olmuşdu.