Bakı, 24 oktyabr, AZƏRTAC
Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa İttifaqı ölkələrinin və hökumət başçılarının oktyabrın 25-də keçirilməsi nəzərdə tutulan görüşündə miqrasiya böhranı ilə mübarizənin 16 bənddən ibarət planını təqdim edəcək.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, planda ittifaq dövlətlərinin hökumətlərinə qaçqınları özləri saxlayaraq qonşu ölkələrə göndərməmək barədə çağırış yer alır. Jan-Klod Yunkerin sözlərinə görə, hakimiyyət orqanları digər ölkələrin icazəsi olmadan qaçqınların həmin dövlətlərin sərhədlərinə doğru hərəkətinə şərait yaratmaqdan imtina etməlidir.
Suriya və Əfqanıstandan Avropaya gələn mühacirlərin əsas hədəfi Almaniyaya daxil olmaqdır. Hazırda bu ölkə mühacirlərin yerləşdirilməsi ilə bağlı ciddi çətinliklərlə üzləşib. Belə bir vəziyyətə qaçqın statusuna görə müraciət edən hər bir mühaciri qeydiyyata almağa hazır olduqlarını bildirən Almaniya kansleri Angela Merkel də şərait yaradıb.