Axşam.az Azərtac-a istinadən xəbər verir ki, festival “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilib.
Festival çərçivəsində oktyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçirilib. İttifaqın katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxışında Vasif Adıgözəlovun müxtəlif vaxtlarda Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, katibi və daha sonra ömrünün sonunadək sədri olduğunu söyləyib.
Bildirilib ki, V.Adıgözəlov musiqi mədəniyyətimizə görkəmli bəstəkar kimi daxil olub. Çoxşaxəli yaradıcılığa malik olan bəstəkarın hər bir əsərində özünəməxsusluq hiss olunur. İstedadlı bəstəkar baletdən başqa demək olar ki, bütün musiqi janrlarında əsərlər yazıb.
Qeyd olunub ki, V.Adıgözəlovun yaradıcılığının böyük bir hissəsini vətənpərvərlik mövzusunda əsərlər təşkil edir. Bəstəkarın xalq musiqisi, muğam sənəti ilə bağlılığı əsərlərində öz əksini tapıb. Konfransda Əməkdar İncəsənət xadimləri İmruz Əfəndiyeva, Həcər Babayevanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın Vasif Adıgözəlovun yaradıcılığı haqqında məruzələri dinlənilib. Bəstəkarın “Yeddi çinar” və “Qərənfil” romansları, habelə sonataları səsləndirilib.
Oktyabrın 31-dək davam edəcək festival çərçivəsində konsertlərin və yubiley gecəsinin keçirilməsi, “Natəvan” operasının nümayişi nəzərdə tutulub.


