Tokio, 27 oktyabr, AZƏRTAC
Yaponiyanın “The Japan News” portalı AZƏRTAC-ın Vaseda Universitetində təşkil edilmiş Azərbaycan musiqisi axşamı barədə məlumatını yayıb.
“Vaseda Universitetində Azərbaycan musiqisi haqqında tədbir” adlı məlumatda qeyd edilir ki, Universitetin professoru Hiroaki Mohri bu ali məktəbin tələbə-müəllim heyətinin bu yaxınlarda Azərbaycana səfərə hazırlaşdığını bildirib. Qeyd edilib ki, on gün davam edəcək səfər çərçivəsində tələbələr paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarında olacaq, tarixi və mədəniyyət abidələrinə baxacaq, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin tələbələri ilə fikir mübadiləsi aparacaqlar.
Məlumatda qeyd edilir ki, Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova tələbələrə Azərbaycan milli musiqisi haqqında mühazirə oxuyub. Azərbaycan milli musiqisinin əsasında muğam və aşıq musiqisinin dayandığı, hər iki sənət növünün UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi vurğulanıb. Bildirilib ki, Şərqdə ilk opera musiqisinin yaradıldığı Azərbaycanda klassik musiqinin əsasında da məhz muğam və aşıq musiqisi dayanıb. Azərbaycan bəstəkarlarının əsərlərinin bütün dünya musiqisevərləri tərəfindən böyük rəğbətlə qarşılandığı, sevilə-sevilə dinlənildiyi qeyd edilib.
Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
G.Azuma-Səfərovanın pianoda ifa etdiyi Azərbaycan musiqiləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio