Mingəçevirdə silahla bir nəfəri öldürən, digərini isə yaralayan əslən Ağdam rayonunun Boy-Əhmədli kəndindən olan məcburi köçkün Şakir Əhmədov polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

ANS PRESS-in Mingəçevir şəhər polis şöbəsindən əldə etdiyi məlumata görə, Şakir Əhmədov hadisəni törətdikdən sonra Bakı şəhərinə qaçıb. Daha sonra Mingəçevirə qayıdan zaman polis əməkdaşları tərəfindən yaxalanıb. Mingəçevir şəhər polis şöbəsindən onu da bildiriblər ki, saxlanılan zaman Şakir Əhmədov polisə müqavimət göstərib. O, ilkin ifadəsi zamanı cinayətdə istifadə etdiyi tapançanı Mingəçevirdə qamışlıq əraziyə atdığını deyib. 31 yaşlı Şakir Əhmədovun əvvəllər də məhkumluğu olub. Şakir Əhmədov 2 gün öncə öz həmyerliləri, Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbənin ərazisində məskunlaşan 34 yaşlı Bəxtiyar Rəhimova və onun qardaşı Rövşən Rəhimova tapançadan bir neçə dəfə atəş açıb.

Qətl törədərək hadisə yerindən qaçan şəxs yaxalandı
Güllə Bəxtiyar Rəhimovun ürəyindən dəyib

Döş qəfəsindən və ürəyindən 2 güllə yarası alan Bəxtiyar Rəhimov xəstəxanaya aparılarkən, avtomobildə dünyasını dəyişib. Mərhumun 2 azyaşlı övladı var.

Qətl törədərək hadisə yerindən qaçan şəxs yaxalandı
Mərhumun atası və övladları

Hazırda Mingəçevir şəhər prokurorluğunda baş vermiş hadisəylə bağlı cinayət işinin istintaqı davam etdirilir.