Moskvada fəaliyyətə başlayan III Beynəlxalq “Dinlər və sülh” Forumunda dünya ictimaiyyətini yaxından narahat edən məsələlər müzakirə edilib.

ANS TV-nin məlumatına görə, Yaxın Şərqdəki gərginlik və bölgədə artan terrorizmə qarşı mübarizədə dinlərin roluna toxunulan forumda Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə də iştirak edib.

Moskva meriyası və Rusiya Prezident Administrasiyası nəzdində Dini İşlər üzrə Şuranın birgə təşkilatçılığında keçirilən forum Vladimir Putinin toplantı iştirakçılarına müraciətinin oxunması ilə başlayıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Şeyxülislam Allahşükür Paşazadənin da aralarında olduğu dini, ictimai və siyasi liderlərin iştirak etdiyi topalantıda dinlərarası əlaqələr, ailə bağları kimi ənənəvi əxlaqi dəyərlərin qorunması yolları müzakirə edilib.

Toplantıdakı çıxışlarda bəzi böyük dövlətlərin dəstəyi ilə Yaxın Şərqdə peyda olan terror qruplaşmalarının İslam dini adından bütün insanlığa qarşı savaş açdığı vurğulandı. İslamın -sülh dini olduğunu deyən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə İŞİD terrorçularının İslamla hər hansı bir əlaqəsi olmadığını vurğulayıb:

“Bizim əlimizdə silah yoxdur. Silahımız dindir. Cavanlarımızı başa salmalıyıq ki, onlar aldanmasın. Biz daxilimizdə, mənəvi boşluqları doldurmalıyıq. Dini maariflənmə aparılmalıdır ki, başqa təsirlərin altına düşməsinlər”.

Forumun yekununda birgə bəyananamənin qəbul edilməsi gözlənilir. Sabah isə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin Rusiya patriarxı Kirillə də görüşü nəzərdə tutulub.