Bakı, 31 oktyabr, AZƏRTAC
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Prezident İlham Əliyevin 2015-ci il 26 oktyabr tarixli Fərmanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli “Qaynar xətt”inə məlumat verilməsi xahiş olunur.