Lus Vayas Siya Enn Lili Berte van der Laan... Adı və soyadı çox uzun olan siyasətçini Avropada "Lusvays van der Laan" kimi tanıyırlar. Rotterdamda doğulmuş 49 yaşlı der Laan Danimarka parlamentində Sosial-Liberal Demokrat Partiyanın (D66) fraksiyasına 2006-cı ildə altı ay başçılıq edib.
1999-2003-cü illərdə isə Avropa Liberal-Demokrat Partiyasının üzvü kimi Avropa Parlamentində deputat olub.
"D66" kimi tanınan siyasi strukturun son illərdə gündəmdən kənar qalan, insan haqları və demokratiya məsələlərinin postsovet ölkələrində, habelə Yaxın Şərq və Ön Asiya dövlətlərində durumunu araşdıran "analitik" kimi tanınan xanım bu gün Azərbaycandakı parlament seçkilərini təhlil etməyə çalışıb.
Emin Milli: depressiyaya düşmüş fiqur

Seçkilər sabah, noyabrın 1-də keçiriləcək, nəticələr hələ bəlli deyil - amma van der Laan artıq qərarını verib, az qala nəticələri açıqlayıb və bildirib ki, Azərbaycanın Milli Məclisinə keçiriləcək seçkilər demokratik deyil.
"D66"nın Haaqada təşkil etdyi toplantı Avropa Birliyinin postsovet ölkələri ilə münasibətlərinə həsr olunmuşdu.
"From Russia with Love" ("Rusiyadan sevgilərlə") adlanan sessiyada Nikolay Artyomenko və German Şaperlə bahəm, Emin Milli də çıxış ediblər.
Emin Milli "Azərbaycanda insan haqları, demokratik və konstitusion hüquqlarla bağlı dözülməz vəziyyət"dən bəhs edib, "xalqın diktatura şəraitində yaşadığını" vurğulayıb və onu da deyib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələrinə inanmır.
Xub, anladıq. Hər kəs mövqe seçimində azaddır və əgər ölkə demokratikdirsə, vətəndaşlardan bəziləri səmada Günəşin olmadığını, Ayın çıxmadığını və ümumiyyətlə, səma cisimlərinin varlığına inanmadıqlarını söyləməkdə azaddırlar.
Yəqin ki bir başqa qrup vətəndaş və ya fərd kərtəkələlərin, əslində, qanadlı məxluqlar olduqlarını, sadəcə, mimikriyə edərək hiyləgərliyə qapıldıqlarını, buna görə uçmadıqlarını da söyləyə bilərlər.
Amma bu, o demək deyil ki, kərtənkələlər uçur və ya səma bütünlüklə boşdur.
Emin Milli "Meydan TV" yaradaraq orada yalnız Azərbaycanı aşağılayan, ölkədəki bütün hadisələri ucdantutma qara görən, məmləkətin gələcəyinin bəd, hakimiyyətin də əməllərinin şər olduğunu iddia edə bilər.
Emin Milli Skandinaviya və Benilüks ölkələri arasında barraj edərək özünü azadlıq fədaisi, Vətəndən uzaqdakı vətəndaş saya bilər.

Emin Milli: depressiyaya düşmüş fiqur
Və ən nəhayət, Emin Milli Azərbaycanın indisini aşağılayıb keçmişini söyə bilər.
Öz işidir, çünki hər kəndin öz dəlisi olduğu kimi, hər ölkənin də belə dekadentləri var.
Dissidentləri yox - çünki bu kəlmə Emin Milliyə əsla yaraşmır. Sabiq sovet dövründəki dissidentlərin ləyaqəti, vicdanı və həqiqətə fanatik sədaqətinin mikronda bir faizi Emin Millidə olmadığından o, azadlıq ideyalarının süqutunun dekadentlik səviyyəsini mübarizlik qismində qəbul edən fərddir.
Bu gün Haaqada müzakirələr apararaq Azərbaycanda az qala heç kimə və heç nəyə inanmadığını vurğulayan Emin Milli aylar əvvəl Əbülfəz Elçibəyi, sonra da Heydər Əliyevi küçə sözləri iləə təhqir etmişdi.
Özünü siyasətçi, hüquq müdafiəçisi, "Meydan TV"nin yaradılması göstərişini yerinə yetirəndən sonra isə az qala mini-mediamaqnat saymağa başlamış Emin Milli "Aftenposten" qəzetinə verdiyi müsahibədə şüur azadlığından danışmışdı.
Haqlıdır, belə fərdlərdə şüur azadlığı var.
Amma onların şüurları məntiq, praqmatizm, vətənpərvərlik, reallıq hissi və ən başlıcası ədalətdən tam azaddır.
Facebook-dakı səhifəsində dostlarını, tanışlarını və oxucularını noyabrın 1-də keçiriləcək parlament seçkilərindəki "qanunsuzlaqlarla bağlı məlumatları, videoları və informasiyanı paylaşmağa" dəvət edən Emin Milli beləcə, demokratiyanın təməl prinsiplərindən biri sayılan "hadisələrə süni təsir göstərərək onları yanlış məcraya yönəltəyə cəhd yolverilməzdir" anlamını kobud şəkildə pozur.
Və bəlli olur ki, Emin Millinin demokratiya anlayışı, insan haqları fəlsəfəsi eynən Londonun civarlarındakı "cockney"lərin ingilis dilini tanınmaz hala saldıqları təki dəyişib, eybəcərləşib.
Emin Millinin Azərbaycana qarşı fəaliyyəti anlaşılandır. Adamda çeşidli komplekslər var və onların arasında ən üst yerdə natamamlıq kompleksi durur.

Emin Milli: depressiyaya düşmüş fiqur

Hər kəs fikirləri, istəklərini və niyyətlərini səviyyəsinə görə ifadə edir. Həmin səviyyənin ağlabatanlıq təsiri bağışlaması üçünsə böyük idarənin giriş qapısında durub qapı açıb-bağlayan şəxslərdə içəri girənlərlə binadan çıxanlara yaranan qəzəbin kökündə duran natamamlıq kompleksinin, "vaxtyor sindromu"ndan qurtulmaq gərəkdir.
Emin Millinin son bəyanatları, fəaliyyəti, sözləri, hətta fotolar çəkdirərkən kamera qarışısındakı duruşu onun depressiyada olmasını, öz cəmiyyətində yaşaya bilməməsindən yaranan təşvişi göstərir. Psixoloji böhranda olan insan isə təbii, normal düşünə bilmir, motorikasındakı nahamarlıqların yaratdığı problemlərdən əziyyət çəkir, üzləşdiyi vəziyyətdə özündən başqa hamını qınayır, suçlayır, ultimativ formada danışır və daim nəsə istəyir, tələb edir.
Azərbaycandan qaçıb Azərbaycanı hədəfə almaq ən azı siyasi gigiyena baxımından yaxşı deyil.
... Emin Millinin ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçlə bir masa arxasında oturduğu anlarda çəkilmiş fotosu var. Hər ikisinin əlində pivə, "salute" pozası.
Emin Millinin simasında razılıq, məmnunluq, hətta bəxtəvərlik cizgiləri var. Öz aləmində artıq yaşamının müəyyən məhələsini keçib və "self-made man", yəni "həyatını özü qurmuş adam" olub.
Sadəlövh insan, aldanan fərd.
Səbəbmi? Kozlariçin baxışlarındakı peşəkar hiyləgərlik işartılarına baxın.
Bu işartıları Potomak çayının sahillərindəki binaların kölgəli kabinetlərində oturanlar, Lenqli və Merilenddəki "National Security Agency"nin dəhlizlərində iş dalınca tələsənlər əla çözərdilər.
Amma çözməzlər, çünki Kozlariçlə həmfikir, həmkardırlar.

Emin Milli: depressiyaya düşmüş fiqur

Əcəba, Riçard Kozlariçin rəisi Con Brennanın köməkçilərinə Azərbaycanla bağlı göndərilən hesabatlarda Emin Milliyə tapşırıqlarla göstərişlər verilməsi əks olunurmu, yer alırmı?!
Bilmirik, çünki bunu Emin Millinin özü də bilmir.
... Uinston Çörçil Britaniyanı tərk edərək mühacirətə yollanan, sonra da uzaqdan keçmiş vətənini aşağılayan, yalanlara tuş edən və vətənindəki hakimiyyəti könüllü yox, aldığı əmrlərə və pula görə hədəfə alanlardan yazanda belələrini "başlarını kisədə daşıyanlar" adlandırmışdı: "Hər insanın çiyinlərinin üstündəki başı onu və fikirlərini, niyyətini və əməllərini idarə edir. Başını əlindəki kisədə daşıyan adamçünksə beyin, sadəcə, alınıb-satılan əşyadır. Əsas məsələ də o beyinə verilən məbləğin qədəri olanda, kisədəki başa fikir verməyə dəyməz".

Orxan Hun
Milli.Az