Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından söz açacaqlar. Eyni zamanda, unudulmaz sənətkarın ailəsinin 1937-ci ildə repressiyaya məruz qalmasını və onun sənət yolunu əks etdirən sərgi nümayiş olunacaq, çəkildiyi filmlərdən fraqmentlər göstəriləcək.
Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edən aktyor “Göz həkimi”, “Qış nağılı”, “Fərhad və Şirin”, “Vaqif”, “Otello”, “Aydın”, “Qaçaq Nəbi” kimi onlarla televiziya tamaşalarında bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə canlandırıb. “Bəxtiyar” , “Qızmar günəş altında”, “Leyli və Məcnun”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı”, “Qatır Məmməd”, “Nəsimi”, “Tütək səsi” və “Əhməd haradadır” filmlərində oynadığı parlaq rolları ilə tamaşaçı qəlbinə yol tapan Məmmədrza Şeyxzamanov 1984-cü ildə Bakıda vəfat edib.