Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanın turizm potensialının daha da geniş təbliğ olunması və ölkəmizin turizm sahəsində xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra yeni işlər görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəzin turizm üzrə mütəxəssisləri tərəfindən Qala, Qobustan, Dənizkənarı Milli Park, İçərişəhər və bir sıra muzeylərə yeni turlar hazırlanıb. İnformasiya Mərkəzinin saytında həmin turlar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdirilib.
Mütəxəssislər mərkəzə gələn əcnəbi turistlərə və qonaqlara pulsuz xidmət etməklə yanaşı, yeni turlar təklif edirlər. Eyni zamanda qonaqların və turistlərin Bakının tarixi abidələrini, yaşayış komplekslərini, otel və ümumiyyətlə turizm infrastrukturuna daxil olan bütün görməli yerləri haqqında müvafiq məlumatların əldə etməsi məqsədilə mərkəzdə bələdçi tərcüməçi qrupu yaradılıb. Mərkəzə gələn əcnəbi turist və qonaqlara milli suvenir, ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni çap məhsulları təklif olunur, o cümlədən Azərbaycanın turizm potensialı haqqında məlumatlar əldə edilməsi üçün pulsuz “Wi-Fi” xidməti təqdim edilir.