Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-dən Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu"nun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, hərraca 5 milyon AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazlar 2024-cü il noyabrın 21-də ödəniləcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Respublikasının Mərkəzi Bankı iştirak edəcək.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.