Kiyev, 3 fevral, AzərTAc
Ukrayna Prezidenti Pyotr Poroşenko fevralın 3-də Kiyevdə Hüquq vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) sədri Canni Bukikkionun başçılıq edtiyi nümayəndə heyəti ilə görüşüb. AzərTAc Ukrayna Prezidenti başçısının rəsmi internet nümayəndəliyinə istinadla xəbər verir ki, görüşdə Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi və “Lüstrasiya haqqında” Qanunun tamamlanması zərurəti əsas müzakirə mövzusu olub.
Canni Bukikkio “Hakimiyyətin yenilənməsi haqqında” (Lüstrasiya haqqında) Qanundan danışarkən bildirib ki, bu “pis qanundur” və Venesiya Komissiyası ona çox tənqidi yanaşır. O deyib: “Biz nümayəndələrinizlə, ədliyyə naziri ilə diskussiyalarda ümumi rəyə gəldik və bu qanunun tamamlanması və Avropa standartlarına uyğunlaşdırılması üzərində birgə işləmək barədə razılaşdıq”.
Venesiya Komissiyasının sədri belə bir fikir söyləyib ki, lüstrasiya prosesini dayandırmaq və müvafiq qanunu təzədən təkmilləşdirmək lazımdır.
Prezident P.Poroşenko bildirib ki, Venesiya Komissiyası ekspertlərinin rəyi Ukrayna üçün çox əhəmiyyətlidir. O, Ukraynanın Avropa İttifaqı ilə Assosiasiyası haqqında Sazişin implementasiyası kontekstində qanunvericiliyə daxil ediləcək dəyişikliklərin işlənib hazırlanmasında və qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasında Venesiya Komissiyası ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Venesiya Komissiyasının sədri qanunvericiliyin işlənib hazırlanmasında başçılıq etdiyi qurumun Ukraynaya kömək etməyə hazır olduğunu bildirib.
Zeynal Ağazadə
AzərTAc –ın xüsusi müxbiri
Kiyev