Bakı, 4 noyabr, AZƏRTAC
ABŞ-ın Sahil Mühafizəsi Xidmətinin Axtarış-Xilasetmə Xidməti oktyabr ayında Baham adaları yaxınlığında batan “El-Faro” yük gəmisinin qalıqlarını təhqiq etsə də, “qara qutu”nu tapa bilməyib. Bu barədə ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli İdarəsi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət noyabrın 2-də 4,6 kilometr dərinlikdə aşkarlanan gəmi qalıqlarının həqiqətən “El-Faro” yük gəmisinə məxsus olduğunu təsdiqləyib. İdarənin bəyanatında qəza zamanı komanda körpücüyünün və onun altındakı göyərtənin gəminin digər hissəsindən qopduğu və onların, həmçinin “qara qutu”nun tapılmadığı bildirilir. Sahil Mühafizəsi Xidməti daha güclü sonarlardan istifadə etməklə axtarışı davam etdirəcək.
Xatırladaq ki, oktyabrın 1-də “El-Faro” gəmisi “Xoakin” qasırğası zamanı Atlantik okeanında qəzaya uğrayaraq batıb. Göyərtəsində 33 heyət üzvünün olduğu yük gəmisinin əvvəlcə mühərrikləri sıradan çıxıb, sonra isə anbarına su dolmağa başlayıb. Bundan sonra onunla əlaqə kəsilib.
ABŞ Sahil Mühafizəsi Xidməti C-130 təyyarələrinin köməyi ilə bir neçə sutka gəmini və heyət üzvlərini axtarsa da, bu, nəticə verməyib. Bütün heyət üzvləri həlak olmuş sayılır.