Ötən mövsüm Çempionlar Liqasından kənarda qalan "Mançester Yunayted" B qrupunda liderliyi ələ keçirib. "Qırmızı şeytanlar" CSKA-nı minimal hesabla məğlub edərək xallarının sayını 7-yə çatdırıb.

Goal.az xəbər verir ki, matçdan sonra "manikunianlar"ın baş məşqçisi Lui van Qaal fikirlərini media ilə bölüşüb.

"Mançester Yunayted" oyun boyu yaxşı təşkil olunmuş kollektivə qarşı hücumlar təşkil etdi. Qol vurmaq həmişə çətindir. Uzun müddət gözləməli olduq. Oyunu 89 dəqiqə nəzarət altında saxladıq. Cəmi 1 dəqiqə diqqətsizlik etdik. Rəqib yeganə qol vəziyyətindən istifadə etsəydi, mətbuat konfransında başqa cür oturardım. Amma biz qələbəni haqq etdik. Buna görə komandamla fəxr edirəm. Oxumuşam ki, "Mançester Yunayted" "qızıl dövrü"ndə belə, Rusiya klublarını evdə məğlub etməyib. Təkcə qolun müəllifi Runiyə deyil, bütün oyunçularıma təşəkkür etdim. Ueyn hər zaman diqqət mərkəzindədir. Onu hücumun mərkəzinə keçirdim və qolunu vurdu. Əlbəttə, Antoni Marsialın əvəzlənməsi zamanı fanatların etirazını eşitdim. Bu, onların fikridir. Hər halda, nəticəyə görə məşqçinin qərarından narazı qalmazlar".

Hollandiyalı mütəxəsis Dumbiyanın boş qapıya zərbəsini dəf edən müdafiəçi Kris Smollinqi "Mayk" adlandırmaqla diqqəti çəkib. Qeyd edək ki, Van Qaal iyulda keçirdiyi mətbuat konfransında da ingilis futbolçunun adını səhvən "Mayk" demişdi.

"CSKA-nın yeganə hücumu zamanı əvvəlcə De Xea, sonra isə Mayk Smollinq bizi qoldan xilas etdi. Futbolda qolun qarşısını almaq üçün bədənin bütün hissələrindən istifadə etməyə çalışırsan. Smollinq və Eşli Yanqın belə epizodda əzmkarlığı təqdirəlayiqdir" - təcrübəli mütəxəsis sözlərini tamamlayıb.

Milli.Az