Bakı, 5 noyabr, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının maliyyə idarəetməsi üzrə baş mütəxəssisi və "Korporativ və dövlət sektoru üzrə hesabatlılıq" layihəsinin (CAPSAP) tamamlanmasına dair hesabat üzrə tapşırıq qrupunun rəhbəri Patrik Piker və layihə qrupunun rəhbəri Tural Camalovdan ibarət nümayəndə heyəti ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildiriblər ki, görüşdə əsas diqqət sözügedən hesabatın hazırlanması məqsədilə layihənin nəticələrinin müzakirəsinə yönəlib. Görüşdə layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər və hazırlanmış sənədlər, xüsusilə də əldə olunmuş nailiyyətlərin davamlılığını təmin etmək istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. Eyni zamanda, layihədən sonrakı dövrdə səmərəlilik və maliyyə auditləri üzrə metodoloji sənədlərin təkmilləşdirilməsi, təlimlərin təşkili və ölkədən kənarda keçirilən tədbirlərdə iştirak, həmçinin yeni pilot auditlərin aparılması ilə bağlı fəaliyyət qeyd olunub.
Dünya Bankının rəsmiləri layihənin əsas nəticələrindən biri olan Azərbaycan Respublikasının Hesablama Palatası haqqında yeni qanun layihəsinin qəbul olunması üzrə proseduralar və bu istiqamətdə cari statusa qədər görülmüş işlər barədə məlumatlandırılıblar. Görüşün sonunda tərəflər yaxın perspektiv üçün prioritetli sahələr üzrə maraqlarını ifadə ediblər.