Qəzetin yazdığı xəbərə görə, əməliyyat nəticəsində İŞİD-in Suriya və "Airbus-321" təyyarəsinin qəzaya uğradığı Misirin Sinay yarımadasında olan terrorçular arasında elektron yazışmalar ələ keçirilib. "Mesajların tonu və məğzi analitikləri bombanı təyyarənin göyərtəsinə sərnişin və ya yerüstü xidmət əməkdaşının keçirdiyinə inandırıb", - nəşr yazır.
Bir müddət əvvəl digər Britaniya nəşri "The Telegraph" Britaniyanın Şarm əş-Şeyxə olan bütün reysləri təxirə salmasının İŞİD terrorçularının irimiqyaslı terror aktına hazırlaşması ilə bağlı məlumat əldə edilməsindən sonra reallaşdığını yazmışdı.
Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus-321" təyyarəsi Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçarkən Sinay yarımadasının üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü dünyasını dəyişib.