Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yaxşılaşdırıb. İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunması işində mühüm rol oynayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən idarə olunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan isə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları və bakterioloji laboratoriyaya ehtiyac olan miqdarda reaktivlər gətirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsinə başlanılıb, 25 min 899 şagirddə dərin tibbi müayinə aparılıb, poliomielit xəstəliyinin profilaktikası məqsədilə 7 min 466 uşaq tur ilə əhatə olunub.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin müdiri Rəşad Mahmudovun rəhbərlik etdiyi 10 nəfərlik heyət Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 10 nəfərdə açıq ürək və 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirib, 55 nəfərdə müayinələr aparılıb.
Bakı şəhərində fəaliyyət göstərən Bioloji Təbabət Klinikasının həkimi, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli və Almaniyanın Viadrina Universitetinin bioloji təbabət üzrə ekspert professoru Gerhard Raysın iştirakı ilə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Modul A” tədris proqramının ikinci hissəsi üzrə 3 günlük seminar-kurs, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya və narkologiya kafedrası professorlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində psixiatr və Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə psixiatriyanın aktual problemləri mövzusunda 15 günlük səyyar təkmilləşmə kursu keçirilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən oktyabr ayı ərzində Ordubad rayonunun kəndlərinin təhsil müəssisələrində işləyən 47 qadının süd vəzində profilaktik müayinə aparılıb, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə dəvət edilib.
Yod çatışmazlığının profilaktikası məqsədilə məktəbyaşlı uşaqlar arasında endemik zobun yayılmasının qarşısını almaq üçün 6 min 761 uşaq və 1067 müəllim, texniki işçilər müayinədən keçirilib, 46 uşaq xəstəliyə şübhəli olduğu üçün Endokrinoloji Dispanserdə müayinələrə cəlb olunublar.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə oktyabr ayı ərzində muxtar respublika üzrə 27 nəfər Bakı şəhərindəki Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 42 nəfər Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına, 11 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilib.