Xaçmaz, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Şəkiyə yola düşürük. Bu tur-aksiyanı səbirsizliklə gözləyirdik. Dörd gün ərzində İsmayıllı, Şəki və Qəbələ rayonlarının görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə ekskursiya edəcəyik. Əminəm ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiya yaddaşımda silinməz izlər buraxacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xaçmaz şəhərindəki Mehman Babayev adına 1 nömrəli məktəbin şagirdi Nəsibə Mirzəliyeva söyləyib. O qeyd edib ki, tur-aksiya şagirdlərə bölgələrimizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənməkdə əvəzsiz imkan yaradır: “Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən artıq yaşı var. Şəhər dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Bu tur aksiya bizə belə bir möhtəşəm tarixi məkanla tanış olmaq imkanı yaradır. Bizə yaratdıqları bu imkana görə, təşkilatçılara minnətdaram.”