Bakı, 19 noyabr, AZƏRTAC
"Azər-Türk Bank" "Nargis Fund" və "Amapola Exclusive Events" şirkətinin təşkilatçılığı ilə dekabrın 1-dən 31-dək keçiriləcək "Soyuq əllər, isti ürək: Mələklər" adlı Yeni İl Xeyriyyə Yarmarkasında sponsor qismində iştirak edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Fəvvarələr meydanında keçiriləcək yarmarkada müxtəlif Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, şirniyyatlar satılacaq, konsert proqramları təşkil olunacaq, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncəli proqramlar nümayiş etdiriləcək. Məqsəd sağlamlıq problemi olan körpələrə yardım göstərmək, onların müalicəsinə dəstək verməkdir.
Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinləri məşhur qonaqlarla görüşəcək, sevimli ifaçıların çıxışlarını izləyəcək, onlara yarmarkanın sponsorları tərəfindən hədiyyələr veriləcək.