Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Nizami Kino Mərkəzində “Bizim kino günləri – audiovizual məkanda peşəkarlıq” layihəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə reallaşdırdığı layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunur.
Tədbirdə layihənin ideya müəllifi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında məlumat verib. Bildirib ki, incəsənətin ən çox tamaşaçı yığan sahəsi olan kinoda peşəkarlıq əsas tələblərdən biridir.
“Azərbaycanfilm” kinostudiyasının ətrafına yaradıcı, istedadlı insanların toplaşdığını vurğulayan M.Hətəmov 2014-cü ilin ölkəmizin kino sahəsi üçün uğurlu olduğunu, filmlərimizin 52 beynəlxalq festivalda təqdim edildiyini söyləyib. Bu festivallarda ekran əsərlərimiz bir sıra mükafatlara layiq görülməklə yanaşı, artıq müştərək filmlərin çəkilməsi barədə xaricdən təkliflər gəlib.
“Azərbaycanfilm” kinostudiyasında hazırda həyata keçirilən işlər barədə məlumat verən direktor qeyd edib ki, müxtəlif janrlarda ssenarilərin müzakirəsi gedir. Bununla yanaşı, bu il bir neçə layihələrin də icrasina başlanılıb. Bunlar “Nar” və “Köşk” filmləri, “Qarabağ” və “Qərbi Azərbaycan” layihələridir.
Diqqətə çatdırıb ki, xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri beş qısametrajlı filmdən ibarət ikinci kinoalmanax gələn ilin fevralında təqdim olunacaq. Üçüncü kinoalmanaxa isə müsabiqə elan ediləcək.
Sonra rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi nümayiş olunub.
Nümayişdən sonra “Azərbaycan kinematoqrafiyasında ailə dəyərləri” mövzusunda müzakirələr aparılacaq.
Qeyd edək ki, bu gündən etibarən, “Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmlər “Nizami Kino Mərkəzi”, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdiriləcək.